Bakı və Abşeronda qazın verilişində məhdudiyyət olacaq

  • Space TV
  • 15 Dekabr 2020 10:49

Dekabrın 15-də paytaxtın və Abşeron rayonunun bəzi ərazilərinin təbii qaz təchizatında fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən, dekabrın 15-də Qaz İxrac İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12-ci kilometrində təmir işləri aparılacaq.

Belə ki, dekabrın 8-də yük maşını tərəfindən zədələnmiş kəmərin altı metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb. Bildirilib ki, bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli vəziyyət yaşana bilər. Buna görə də dekabrın 15-də saat 09:00-dan işlər başa çatanadək bir neçə qaz paylayıcı stansiyadan qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir. 

Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibiheybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin təbii qaz təminatında qısa fasilələr olacaq.

Paylaş

 Xəbəriniz olsun