Bakı metrosunda yeni qatarlar xəttə buraxılıb – VİDEO

  • SpaceTV
  • 30 İyun 2020 11:19

Bu ayın əvvəlində Rusiyadan gətirilərək “Bakı Metropoliteni” QSC-nin vaqon parkına əlavə edilmiş daha 4 yeni qatardan 2-si artıq xəttə buraxılıb.

Yeni qatarların xəttə buraxılmasıyla hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb. Qatarların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. Baş vaqon 38, orta vaqon 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır.

Eyni zamanda sərnişinlərin qatar boyunca bərabər paylanması sərnişinlərin rahatlığını və təhlükəsizliyini artırır. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi,  avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib.

Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın təmizlənməsi funksiyasını da yerinə yetirir. Vaqonların konstruksiyası  istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir.

Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.

Digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə müvafiq sınaq və tənzimlənmə tədbirlərindən sonra hər iki qatarın xəttə verilməsi gözlənilir. Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub.

ELVİRA  SƏFƏRLİ  SPACE TV

Paylaş

 Xəbəriniz olsun