Bir neçə il öncə Tarif Şurası tərəfindən ictimai nəqliyyatda gediş haqqına dəyişiklik edildikdən sonra BNA tərəfindən daşıyıcı şirkətlərin rəhbərlərinə göstərdikləri xidmətin keyfiyyətinin artırılması xəbərdarlığı edildi. Xüsusilə də bakı ətrafı kənd və qəsəbələrə işləyən avtobuslarda vəziyyətin o qədər də ürəkaçan olmadığını nəzərə alsaq deyə bilərik ki, həmin vaxtdan indiyə kimi yalnız bir neçə daşıyıcı şirkət qoyulan tələbləri yerinə yetirə bilib.
Sərnişindaşımada avtobusların istismar müddəti 10 il nəzərdə tutulubsa kim deyə bilər ki, bu avtobuslar qanunla istifadə edilməsinə icazə verilən 10 ili hələ başa vurmayıb. Elə bu nəqliyyat vasitələrinin xarici görkəminə nəzər yetirmək kifayət edər ki, həmin avtobusların nə dərəcədə təhlükəli olmasından xəbərdar olasan
Dəfələrlə yolda xarab olub qalanlara, hətta sərnişinlə dolu avtobusların anidən alışıb yanmasına , nasaz vəziyyətdə olduğu üçün sərnişinlərin ölümü ilə nəticələnən qəzalara səbəb olan marşrut avtobuslarına tez –tez rast gəlirik.
Bəs yaxın vaxtlarda Bakı ətrafı kənd və qəsəbələrə işləyən avtobusların parkının tamamilə yenilənəcəyi və mərkəz yerlərdə olduğu kimi bu ərazilərə işləyən avtobusların da kart sisteminə keçəcəyi gözlənilirmi?
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, ümumilikdə Bakı şəhərinin inzibati ərazisində istismarda olan avtobusların təxminən 75 faizi qoyulan tələblərə cavab vermir. Artıq prezidentin müvaqif sərəncamı ilə BNA tərəfindən paytaxda gətirilmiş 300 avtobusun bir qismi Bakı ətrafı kənd və qəsəbələrdə sərnişinlərin xidmətinə veriləcək.
Qeyd edək ki, paytaxda gətirilmiş yeni avtobuslar yaxın günlərdə istifadəyə veriləcək.
RƏŞAD VƏKİLOĞLU SPACE TV