Bakı 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

  • SpaceTV
  • 16 Sentyabr 2019 14:23

Dünya çempionatında 61 ölkədən 300-dən çox gimnast birincilik və Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaq

Bakı 14 ildən sonra yenidən ən önəmli yarışlardan birinə – bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək. Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.

61 ölkənin qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.

Yarışın birinci günündə gimnastlar fərdi proqramda halqa və topla təsnifat mərhələsində güclərini sınayacaqlar. Ertəsi gün halqa və topla təsnifat, həmçinin final yarışları keçiriləcək. Sentyabrın 18-19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə – sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb. Gimnastlar ümumilikdə doqquz dəst medal uğrunda mübarizə aparacaqlar.

Paylaş

 Xəbəriniz olsun