Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib

  • SpaceTV
  • 24 Noyabr 2020 12:15

Bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verdilər. Bununla əlaqədar olaraq İnstitut tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunundan Spacetv.az-a bildirilib ki, məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə İnstitutun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən olunub ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar qablaşdırılmışdır. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək İnstitutun Arxeoloji Fondunda yerləşdirilmişdir.

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

Professor Nəcəf Müseyiblinin bildirdiyinə görə bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.

Paylaş

 Xəbəriniz olsun