Azərbaycanlı sənətkarın növbəti uğuru

  • Space TV
  • 29 Avqust 2020 14:38

Şəkili ustaların hazırladığı əsər Vatikan səfirliyinin binasını  bəzəyəcək. Space TV-nin xəbərinə görə, səfirliyin Ukraynada yerləşən binasının fasadında şəbəkədən istifadə olunacaq.

Şəbəkə ustası Tofiq Rəsulovun söylədiyinə görə, hər şey Vatikanın Azərbaycandakı keçmiş səfiri Klaudio Quqerottinin Vatikanın Belarusdakı səfiri təyin olunmasından sonra baş verib. Səfir Şəkidə olduğu zaman ziyarət etdiyi Tofiq ustaya Belarusdan yeni sifarişlər göndərib. Daha sonra Ukraynaya səfir təyin edildikdən sonra, oradakı binanın  şəbəkəylə bəzədilməsini Tofiq ustaya həvalə edib.

Artıq Avropaya göndəriləcək olan şəbəkə hazır vəziyyətə gətirilib. Hündürlüyü 6 metr, eni isə 1 metr 50 sm olan şəbəkə 8 hissədən ibarətdir. Şəbəkənin hazırlanmasında 6 min ədəd şüşə və taxta parçalarından istifadə olunub, milli ornametlər işlənib. Tofiq ustaya bunların hazırlanmasında oğlu və gənc şəbəkəçilər də yardım edib. Qeyd edək ki, hazırlanan işlərin Ukraynaya  göndərilməsi üçün müvafiq sənədlər hazırlanır. Şəki sənətkarlarının əl işlərinin təhlükəsiz şəkildə ünvana çatdırılması üçün Vatikan dövləti xüsusi olaraq yük maşını sifariş edib. Kiyev şəhərinə şəbəkəni quraşdırmaq üçün usta Tofiq başda olmaqla 3 nəfər sənətkar yola düşür. 

İlkin Piranov, Space TV

Paylaş

 Xəbəriniz olsun