Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi MDBMİ-də keçirilən tədbirdə iştirak edib

  • SpaceTV
  • 28 Sentyabr 2019 15:37

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi Davamlı İnkişaf Sahəsində Məqsədlərin qəbul edilməsi şərəfinə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilmiş tədbirdə iştirak edib.

“Space” Azərtaca  istinadən xəbər verir ki, MDBMİ-nin konfrans zalında institutun 75 illiyi və Davamlı İnkişaf Sahəsində Məqsədlərin qəbul edilməsi münasibətilə “Eko svet semi not” adlı konsert təşkil edilib. Konsert BMT-nin Moskvadakı informasiya mərkəzinin və Rusiya BMT-yə dəstək assosiasiyasının dəstəyi ilə MDBMİ-nin Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks proqramlar kafedrası tərəfindən təşkil olunub. Qeyd edək ki, həmin kafedranın rəhbəri həmvətənimiz, iqtisad elmləri namizədi Ruslan Əliyevdir.

Tanınmış pianoçu-bəstəkar, Pablo Kazals adına Barselona Musiqi Akademiyasının professoru, çoxsaylı musiqi mükafatlarına layiq görülmüş Senya Son MDBMİ-nin böyük səhnəsində ilk dəfə çıxış edib. Senya Sonun yaradılcılıq bioqrafiyası yetərincə zəngin və maraqlıdır. Onun musiqi maraqları heç vaxt filarmonik konsertlərin akademik çərçivəsi ilə məhdudlaşmayıb. XX əsrin böyük bəstəkarlarından Alfred Şnitke və Alemdar Karamanovun yeganə şagirdi, onların bir sıra əsərlərinin ilk ifaçısı olmuş Senya Son rok və caz, kompüter musiqisi və elektron musiqi ilə də ciddi məşğul olub.

Bayram konserti başa çatandan sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuş furşetdə qonaqlara “Azərbaycan nemətləri” brendli məhsullar təqdim edilib.

Paylaş

 Xəbəriniz olsun