Azərbaycanın neft-qaz sənayesi tarixində önəmli hadisə – VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 12:18

Bir neçə gün öncə prezident İlham Əliyev “Qarabağ” dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etdi.  Dayaq  blokunun  bir ay müddətində dənizdə quraşdırılması planlaşdırılır.

Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır.  

Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Onu da deyək  ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilib.

Geoloji amillər onu da deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

TURAL ŞAHİNOĞLU, HƏSƏNAĞA DADAŞOV, SPACE TV

Paylaş

 Xəbəriniz olsun