Azərbaycanın ən qədim məscidlərindən biri də Astarada yerləşir.

  • Space TV
  • 11 Mart 2020 16:13

Camaat arasında gəzən rəvayətə görə,  gördüyünüz bu məscid 1499-cu ildə Şah İsmayılın babası Şeyx Cüneyd tərəfindən inşa olunub və sonradan abidə uçurulub. Həmin özülün üzərində isə yeni məscid bərpa olunub. Məscidin mühüm bir sirri də odur ki, bu dini abidənin özülü qibləyə yox, əks istiqamətə qazılıb.

Məscid XIX əsrə aid olan memarlıq abidəsidir və Astaranın Ərçivan qəsəbəsində yerləşir. Məhəmməd Hənəfiyyə məscidi qırmızı kərpicdən tikilib, tavanı isə taxtadandır. Məscid 2 hissəyə bölünür və kişilər də, qadınlar da ayrı qapıdan içəri girir. Dam hissəsində azan vermək üçün 7 pilləli ağac materialından hündürlüyü 3 m olan minarə var. Kənd sakinləri deyir ki, əvvəllər bu məscid iki mərtəbədən ibarət olub.

Məhəmməd Hənəfiyyə məscidi qədim tarixi ilə yanaşı, mühüm bir amillə də məşhurdur. Tarixi məlumatlara görə, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai bu məscidi ziyarət etmiş və burada namaz qılıb. Səfəvi dövlətinin gələcək banisi, balaca İsmayılın Ağqoyunlu Rüstəm padşahın təqiblərindən qorunmaq üçün 6 il Lahicanda yaşadığı, 1499-cu ilin avqustunda isə 13 yaşında tərəfdarlarının müşayiətilə Astara rayonunun Ərçivan kəndinə gələrək qışını burada keçirməsi ilə bağlı məlumat var. Qeyd edək ki, məscid hazırda yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Rövşən Almazoğlu Space tv

Paylaş

 Xəbəriniz olsun