Azərbaycanı gözləyən üçüncü texniki nəticə

  • Space TV
  • 9 Dekabr 2020 12:31

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Villarreal”ı ilə görüşməli olan Azərbaycan çempionu “Qarabağ”ı səfər matçına getmədiyi üçün texniki məğlubiyyət gözləyir.

Spacetv.az-ın məlumatına görə, bu, Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok matçlarındakı 3-cü texniki nəticə olacaq.

UEFA koronavirus pandemiyasına görə oyuna yollanmayacaq Ağdam təmsilçisinə 0:3 hesablı yenilgi versə, ölkə çempionu meydana çıxmadan məğlubiyyət alan ilk komandamız kimi tarixə düşəcək. Çünki əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra reallaşıb.

2004/05 mövsümündə “Xəzər Universiteti” (indiki “Keşlə”) Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzub. Lakin meydan sahiblərinin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana girib. Bu üzdən İntertoto kubokunun görüşündə bakılılara texniki qələbə verilib – +:- (3:0).

Əgər ilk texniki nəticə xeyrimizə olubsa, 2010/11 mövsümündə bunun üzüntüsü yaşanıb. “Bakı” Avropa Liqasının “Buduçnost”la görüşündə cəzalı Joel Epalın xidmətindən yararlanıb. 2:0 hesablı qələbəsi ləğv edilən paytaxt təmsilçisi Monteneqro klubu ilə görüşdə texniki məğlubiyyətlə barışıb – -:+ (0:3).

Paylaş

 Xəbəriniz olsun