Azərbaycandan Rusiyaya nəql olunacaq neftin həcmi açıqlandı

  • Space TV
  • 11 Fevral 2021 14:29

“Ümumilikdə bu il ərzində təxminən 1,1 milyon ton neftin Bakı-Novorossiysk kəməri ilə nəql olunması planlaşdırılır”.

Bunu Spacetv.az açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Azərbaycan neftinin Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqlini həyata keçirən kəmər 15 fevral tarixində fəaliyyətini bərpa edəcək. Bu ay ərzində Bakı-Novorossiysk neft kəməri vasitəsilə 85 min ton neftin nəql olunması nəzərdə tutulub.

İbrahim Əhmədov bildirib ki, hazırkı sazişə əsasən, neftin nəqli ilin sonuna qədər davam edəcək. O əlavə edib ki, növbəti il üçün nəql planına isə ilin sonunda və ya növbəti ilin əvvəlində baxılacaq.

Bakı-Novorossiysk boru kəməri 1983-cü ildən mövcuddur. Boru kəmərin ötürmə qabiliyyəti gündə 100 min barel və ya 13,5 min tondur. Kəmərinin ümumi uzunluğu 1 330 kilometr təşkil edir, onun 231 kilometr hissəsi Azərbaycanın ərazisinə düşür.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tam gücü ilə işə salınmasından sonra Bakı-Novorossiysk boru kəməri vasitəsilə hazırda SOCAR-ın xarici tərəfdaşlarla birgə fəaliyyət göstərən müəssisələrinin quruda hasil etdikləri və SOCAR-ın özünün hasil etdiyi neft həcmləri ixrac olunur. Boru kəmərinin Azərbaycandakı hissəsinin operatoru SOCAR-dır.

Paylaş

 Xəbəriniz olsun