Azərbaycandan ABŞ-a göndərilən xurmanın içində narkotik aşkarlandı

  • Space TV
  • 8 Fevral 2020 14:37

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

SPACE TV  xəbər verir ki,Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına göndərilən, içərisində 3.5 kq şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib və monitorda şübhəli əşyaların təsviri görünüb.

Daha sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.

Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar “unikal” gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə – tiryək aşkarlanıb.

Paylaş

 Xəbəriniz olsun