Azərbaycanda vergi ödəyicilərinin sayı və vergi həcmi açıqlandı

  • Space TV
  • 12 Fevral 2021 14:44

2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 7,4 milyard manat təşkil edib. Vergi daxilolmaları üzrə illik proqnoz 102,7 faiz, o cümldən, qeyri neft-qaz sektoru üzrə 103,9 faiz icra olunub.

Bunu Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ümumi daxili məhsul həcminin azalması şəraitində daxilolmaların ÜDM-də xüsusi çəkisi artıb və 10,2 faiz təşkil edib:

“Neft-qaz sektoru üzrə daxilolmalarda 20,6 faiz azalma qeydə alınıb. Bu azalma qeyri-neft qaz sektorundan daxilolmalar hesabına kompensasiya olunub. Bu sektordan daxilomalar 3,3 faiz artaraq 5,6 milyard manat təşkil edib. 2020-ci ildə qeyri neft-qaz sektoru üzrə daxilolmaların xüsusi çəkisi 2019-cu ilə nəzərən 5,1 faiz bəndi artaraq 76 faizə çatıb.

Qeyri neft-qaz sektoru üzrə vergi daxilolmalarının dövlət büdcəsinin qeyri-neft gəlirlərində xüsusi çəkisi qismən artaraq 2020-ci ildə 52,6 faizə yüksəlib”.

Orxan Nəzərli bildirib ki, 2020-ci ildə vergi ödəyicilərinin və obyektlərin sayında artım qeydə alınıb:

“2020-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 24 faizdən çox artaraq 616 mini ötüb. Aktiv ƏDV ödəyicilərinin sayında 17 faizdən çox artım olub. Aktiv obyektlərin sayı isə 9 faizdən çox artaraq 167 mini ötüb”.

Qurumun rəhbəri qeyd edib ki, 2020-ci ildə aksiz vergisi üzrə daxilolmalar 2017-ci illə müqayisədə 18 dəfə artıb. 

Paylaş

 Xəbəriniz olsun