Azərbaycanda qeyri-adi oğru: Girdiyi evdə 5 gün gecələdi

  • SpaceTV
  • 28 Fevral 2020 16:51

Şəmkirdə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

SPACE TV xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb.

Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiya Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Onu da əlavə edək ki, Elfaq Süleymanov Şiştəpə kəndində oğurluq məqsədi ilə ilk girdiyi evdə ev sahibinin Rusiyada olmasından istifadə edərək 5 gün qalıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun