Azərbaycanda müxtəlif sahələrə investisiya qoyuluşlarının həcmi açıqlanıb

  • Space TV
  • 14 Noyabr 2020 13:47

2020-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 milyard 540,2 milyon manat məbləğində vəsait yönəldilib.

Spacetv.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala 2,1 faiz az vəsait yönəldilib.

Bu dövr ərzində neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,7 faiz artıb. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,9 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 7 milyard 598,1 milyon manatı və ya 65,8 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 884,6 milyon manatı və ya 25 faizi xidmət sahələrinə, 1 milyard 57,5 milyon manatı və ya 9,2 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 390,1 milyon manatını və ya 64 faizini daxili vəsaitlər təşkil edib. Bu vəsaitlərin 7 milyard 281,6 milyon manatı və ya 63,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3 faiz, büdcə vəsaitləri 24,1 faiz, bank kreditləri 6,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,1 faiz, sair vəsaitlər 3,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7 faiz təşkil edib.

Paylaş

 Xəbəriniz olsun