Azərbaycanda ilk dəfə 20 Yanvar şəhidlərinə Astaranın Şiyəkəran kəndində abidə qoyulub

  • SpaceTV
  • 20 Yanvar 2020 17:04

Azərbaycanda ilk dəfə 20 Yanvar şəhidlərinə Astaranın Şiyəkəran kəndində abidə qoyulub. O dövrdə nə qədər çətin olsa da, sovet müqavimətini qırmaq, onların azğınlığına ayna tutmaq bu abidə vasitəsilə mümkün olmuşdu. 20 Yanvar şəhidlərinin dəfnindən bir ay sonra bütün maneələrə baxmayaraq, kənd müəllimi Ənnam Əmrayev ziyalıları öz ətrafına toplaya bildi və şiyəkəranlılar köməkləşib mərmərdən olan abidəni Bakıdan sifariş etdilər. Şəhidlərin qırx mərasiminə qədər abidə hazır oldu.

Xüsusi xidmət orqanlarının ciddi nəzarətində olan sərhəd rayonunda mərkəzi hakimiyyətin icazəsi olmadan hər hansı bir abidənin qoyulması çətin məsələ idi. Üstəlik hələ bu hadisəyə tam hüquqi qiymət belə verilməmişdi. 

Belə bir xatirə lövhəsini kəndin mərkəzində ucaltmağa görə, o vaxtkı hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən hədə-qorxulara məruz qalan coğrafiya müəllimi Ənnam Əmrayev istəyinə nail ola bilmişdi. 20 Yanvar şəhidlərinin 40 mərasimi həmin abidənin önündə keçirilmişdi. Amma təzyiqlər öz işini gördü və Ənnam müəllim doqquz aydan sonra 35 yaşında müəmmalı şəkildə vəfat etdi. İndi isə bu abidə kəndin müqəddəs ziyarətgahlarından biridir. Abidənin önündən keçən kəndlilər şəhidlərin ruhuna dualar oxuyur, xatirələrini yad edirlər. 

Hər il olduğu kimi bu il də “Qanlı Yanvar” hadisələrinin 30-cu ildönümündə Şiyəkəran kəndinin sakinləri böyükdən-kiçiyə bu abidəni böyük ehtiramla ziyarət edir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun