Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlərin sayı azalıb – RƏSMİ

  • Space TV
  • 21 Yanvar 2021 16:22

Ötən il qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6 faiz, qeyri-hərbi cinayətlər isə 18,6 faiz azalıb.

Bu barədə bu gün Hərbi Prokurorluğunda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 faiz, xuliqanlıq cinayətləri 83,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 faiz azalıb.

Vurğulanıb ki, ötən illərdə olduğu kimi, 2020-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib.

Paylaş

 Xəbəriniz olsun