Azərbaycanda “Audiokitab” layihəsi təqdim olundu

  • SpaceTV
  • 12 Dekabr 2019 15:57

Dünyada audiokitablara maraq gündən-günə artır. Müasir texnologiyanın inkişaf etdiyi dövrümüzdə ənənəvi kitablardan fərqli olaraq, insanlar səsli kitaba daha çox üstünlük verirlər. Bunun səbəbi vaxt itkisi olmadan maraqlı kitablarla tanışlıqdır. Azərbaycanda bu sahədə daha əvvəl kiçik miqyasda müəyyən təşəbbüslər var idi. Ancaq indi yeni yaranan “Audiokitab” layihəsi bu sahədə olan boşluğun doldurulmasına istiqamətlənib.

Layihə Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində 1000-dən çox kitab səsləndirilib.

“Audiokitab” yeni texnologiyalar vasitəsilə insanların klassik, müasir Azərbaycan və dünya yazıçıları, onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair layihədir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Audiokitab” layihəsinin təqdimatı keçirilib. Təqdimatda layihənin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov, yaradıcı heyət Zülfiyyə Eldarqızı (sənətşünaslıq üzrə fəlsəfə doktoru), Mahir Mirişli, Əhliman Ərşadlı, Rafiq Şahbazov (audioredaktor), eləcə də, ADMİU-nun fəal tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə ADMİU-nin prorektoru filologiya elmləri doktoru, professor Gülşən Əliyeva açıb. O, qonaqları salamladıqdan sonra, audiokitabın bugünkü gəncliyin həyatında önəmli bir yer tutacağını vurğulayıb.

Daha sonra layihə rəhbəri Həsən Həsənov çıxış edib. O çıxışı zamanı “Audiokitab”da klassik və müasir Azərbaycan ədəbiyyatı, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələrinin öz əksini tapdığını qeyd edib.

Mərasimdə Zülfiyyə Eldarqızının, Mahir Mirişlinin, Əhliman Ərşadlının səsləndirdiyi parçalar tələbələr tərəfindən maraqla qarşılanıb.

Tətbiqi “İOS” və “Android” sistemli telefonlara yükləmək mümkündür.

Paylaş

 Xəbəriniz olsun