Azərbaycanda Ani Ödənişlər Sistemi real rejimdə istismara verilib

  • SpaceTV
  • 1 Oktyabr 2020 11:12

Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının yaratdığı Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilib.

Spacetv.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu gündən AÖS-ə inteqrasiya olunmuş banklarda, habelə onların internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqları istifadəyə təqdim olunub. Qeyd olunan funksionallıqların tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılması imkanı yaradılıb. İstifadəçilər iştirakçı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə, eləcə də müvafiq bank bölmələrinə müraciət edərək AÖS üzrə qeyd olunan əməliyyatları həyata keçirə bilərlər.

Hazırda Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” , “Unibank”, “Premium Bank”, “Muğan Bank”, “Bank Avrasiya”, “Express Bank”, “AFB Bank”, “Günay Bank”, “Naxçıvan Bank” və “Ziraat Bank Azərbaycan” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, İran Milli Bankının Bakı filialı AÖS-ə inteqrasiya olunub. AÖS üzrə xidmətlər “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Yapı Kredi Bank Azərbaycan”, “Express Bank” tərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərilir.

Əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə AMB AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutmayacaq.

AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksional imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək. Bu ilin sonuna qədər sistemin mobil tətbiqi və internet səhifəsi real rejimdə istismara veriləcək, habelə kiçik təsərrüfat subyektlərinə “QR kod” və “NFC” kimi texnoloji həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqlar təqdim ediləcək. Eyni zamanda, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə AMB-nin yaratdığı “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş qurumlar tərəfindən göstərilən 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi təmin olunacaq.

Paylaş

 Xəbəriniz olsun