Azərbaycan parlamenti ilə ABŞ Konqresi arasında müzakirələr aparıldı

  • Space TV
  • 26 Fevral 2021 17:32

Fevralın 25-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupu arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə Milli Məclis məlumat yayıb.

Hazırda 40-a yaxın Konqres üzvü bu qrupa daxildir.

Görüşdə Azərbaycanın ABŞ-la parlamentlərarası əməkdaşlığı, müharibədən və atəşkəsdən sonra bölgəmizdə yaranmış yeni vəziyyət və regional əməkdaşlıq imkanları müzakirə edilib. Habelə Azərbaycan tərəfindən həyata keçirilən yenidənqurma işləri və ABŞ-ın potensial dəstəyi məsələsi müzakirə olunub.

Tədbirdə Xocalı qətliamının 29-cu ildönümü yad edilərək ölkəmizə başsağlığı verilib.

Görüşdə Azərbaycan tərəfindən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Səməd Seyidov, işçi qrupun üzvləri – deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Tural Gəncəliyev, Sevil Mikayılova, Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və səfirliyin əməkdaşları, ABŞ tərəfindən isə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri və Azərbaycan üzrə işçi qrupun həmsədrləri Stiv Şabot (Respublikaçı-Ohayo), Henri Kueyar (Demokrat-Texas) və Robert Aderholt (Respublikaçı-Alabama), işçi qrupun digər həmsədri Stiv Kohenin (Demokrat-Tennesi) xarici siyasət məsələləri üzrə köməkçisi iştirak edib. 

Tədbirdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov, deputatlar və səfir Elin Süleymanov çıxış edərək işçi qrupları arasında keçirilən bu görüşün ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayıblar, Konqres üzvləri tərəfindən ölkəmizə göstərilən dəstəyə görə minnətdarlıq bildiriblər. Fevralın 26-da 29-cu ildönümü tamam olan Xocalı qətliamı xatırlanıb və müharibə zamanı baş vermiş qırğınların təkrarlanmaması üçün bölgədə sülhün, sabitliyin və əmin-amanlığın təmin edilməsinin vacib olduğu vurğulanıb.

Çıxışlarda Cənub Qaz Dəhlizinin reallaşmasında müxtəlif ABŞ administrasiyalarının və Konqresin dəstəyi xatırlanıb. Konqres üzvlərinə müharibə zamanı Ermənistan tərəfindən mülki əhalinin hədəfə alınması, mülki əhali arasında itkilər, yaşayış məntəqələrinə qarşı baş vermiş hücumlar barədə məlumat verilib. Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı diqqətə çatdırılıb. Ölkəmizdə həyata keçirilən islahatlardan, erməni vətəndaşlarımız ilə birgəyaşayışın təmin edilməsi planlarından və siyasi, humanitar, iqtisadi sahədə reinteqrasiya işlərindən bəhs olunub. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan və planlaşdırılan yenidənqurma işlərinə ABŞ-ın dəstəyinin vacib olduğu bildirilib. 

Çıxış edən Konqres üzvləri Stiv Şabot, Robert Aderholt və Henri Kueyar müharibənin nəticələri barədə verilmiş məlumata görə təşəkkür ediblər. Onlar atəşkəsin əldə edilməsinə görə məmnunluqlarını, Ermənistan və Azərbaycanın birgə səylərlə problemlərin öhdəsindən gələcəklərinə əminliklərini ifadə ediblər. Bölgədə həyata keçirilən əməkdaşlıq layihələrinin, Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətə malik olduğunu vurğulayıblar. Konqres üzvləri Xocalı faciəsinə görə başsağlığı veriblər və bu faciənin yad edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar. Konqres üzvləri ölkəmizə səfər etməkdən məmnun olacaqlarını bildiriblər, yaranmış yeni vəziyyətdə ABŞ şirkətlərinin müharibədən sonra Azərbaycanda yenidənqurma işlərinə cəlb edilməsi potensialının araşdırılmasının vacib olduğunu diqqətə çatdırıblar. 

Görüş zamanı ABŞ-la Azərbaycan arasında təmasların daha da genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Paylaş

 Xəbəriniz olsun