Azərbaycan Olimpiadaya 10-cu lisenziyanı qazandı: Digər taekvondoçularımızın durumu necədir?

  • Space TV
  • 21 Dekabr 2019 18:26

2020-ci ildə Tokio Olimpiadasında iştirak edəcək 48 taekvondoçunun adına aydınlıq gəlib.

SPACE TV xəbər verir ki, səkkiz çəki dərəcəsinin (dörd kişi və dörd qadın) hər birində altı taekvondoçu Olimpiya reytinqinə əsasən idmanın ən ali yarışına lisenziya qazanıb.

Sevindirici haldır ki, lisenziya qazananlar arasında Azərbaycan taekvondoçusu da var. Bu, 2019-cu ilin dünya çempionu Milad Beiqidir.

28 yaşlı Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuz bu ayın əvvəlində Rusiyanın paytaxtı Moskvada keçirilmiş Qran Prinin final mərhələsində gümüş medal qazanmaqla həm 3 min dollara sahib çıxıb, həm də aktivinə 48 lisenziya xalı yazdırıb. Bununla da İrandan olan legionerimiz 80 kq çəki dərəcəsində 429.33 xalla Olimpiya reytinqində ikinci pillədəki yerini qoruyub saxlayıb və bununla da Olimpiadaya vəsiqə qazanıb.

Bəs digər çəki dərəcələrində vəziyyət necədir? Oxu.Az bunu araşdırıb. İlk olaraq onu bildirək ki, 128 taekvondoçu (64 kişi və 64 qadın) Olimpiadada mübarizə aparacaq. Bunlardan dörd yer meydan sahibi Yaponiyanın idmançılarına veriləcək. Digər dörd yerə idmançılar isə Üçtərəfli Komissiya tərəfindən “vayld kard” vasitəsilə Olimpiadaya dəvət olunacaq. 

Beləliklə, 72 yer üçün idmançılar mübarizə aparacaq. Bunun üçün 2020-ci ilin əvvəllərində Mərakeşdə Afrika, Avstraliyada Okeaniya, Kosta Rikada Pan Amerika, Çində Asiya və İtaliyada Avropa təsnifat turnirləri keçiriləcək. Sonda hər səkkiz çəkidən 16 idmançının çıxış edəcəyi müəyyənləşdiriləcək.

Bu üzdən digər yeddi çəki dərəcəsində idmançılarımızın Olimpiadaya vəsiqə qazanmaq şansları hələ qalmaqdadır. Belə ki, 24-25 apreldə İtaliyanın Milan şəhərində Avropa təsnifat turniri keçiriləcək. Həmin yarışın finalçıları reytinqdəki mövqeyindən asılı olmayaraq, Olimpiadaya birbaşa vəsiqə qazanacaq. Bununla belə, Olimpiadaya getməyə namizəd olan idmançılarımızın Olimpiya reytinq cədvəlindəki son durumunu paylaşmağı məqbul bildik.

Kişilər
-58 kq

Həşim Məhəmmədov 155.18 xalla Olimpiya reytinqində 26-cıdır. Dağıstanlı legionerimiz bu çəkidə Olimpiadaya getməyə namizədimiz sayılır. Gənclərdə Avropa üçüncüsü və dünya ikincisi olmuş Həşim bu il açıq turnirləri nəzərə almasaq, Ekstra Avropa çempionatında bürünc medal qazanmaqla kifayətlənib.

-68 kq
Cavad Ağayev 188.21 xalla Olimpiya reytinqində bir pillə irəliləyərək 16-cı sıraya qalxıb. Ötən il gənclər arasında dünya çempionumuz artıq müəyyən təcrübəyə malikdir. O bu il gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

+80 kq
Rio Olimpiadasında yeganə çempionumuz Radik İsayev Qran Prinin final mərhələsində bürünc medal qazanmaqla 28.8 lisenziya xalı qazandı. Ancaq bu da Dağıstan ləzgisi olan idmançımıza ilk “altılığ”a düşməyə imkan verməyib. Dünya və ikiqat Avropa çempionu olan dağıstanlı legionerimiz hazırda 234.54 xalla reytinqində yerini dəyişməyib və doqquzuncu sırada qalıb.

Qadınlar
-49 kq
Digər Olimpiya mükafatçımız Patimat Abakarovanın Tokioya vəsiqə qazanacağı gözlənilir. Bu il yalnız Universiadada bürünc medal qazanmaqla kifayətlənmiş dağıstanlı legionerimiz reytinqdə beş pillə yüksələrək 37-ci olub. Onun 128.48 lisenziya xalı var.

-57 kq
Bu çəkidə Olimpiadada təmsil olunmayacağımızı indidən proqnozlaşdırmaq olar. Çünki reytinqdə ən yüksək pillədə olan, Türkiyə adından 21 yaşadək Avropa çempionu olmuş legionerimiz Yaprak Eriş 2017-ci ildən artıq komandamızda deyil. Bunun nəticəsidir ki, iki il əvvəl Bakıdakı İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş taekvondoçu üç pillə geriləyərək 138-ci sıraya düşüb. Onun cəmi 25.90 lisenziya xalı var.

-67 kq
Azərbaycanın tanınmış taekvondoçularından olan Fəridə Əzizova Olimpiya reytinqində 19-cu sıradadır. 161.97 lisenziya xalına malik olan Fəridənin bu il Mançesterdə dünya üçüncüsü olmaqla bir qədər taekvondo ictimaiyyətini ümidləndirib.

+67 kq
Federasiya bu çəkidə də Olimpiadada təmsil olunmaqda maraqlıdır. Bu üzdən ötən ildən iranlı Zəhra Kalxoran milliləşdirilib. Ötən il Kazandakı Avropa çempionatında və bu ilin noyabrında İtaliyanın Bari şəhərində keçirilmiş Ekstra Avropa Oyunlarında iştirak etmiş legioner 73 pillə irəliləyib və 147-ci sıraya qalxıb. Onun aktivində 10.59 lisenziya xalı var.

Qeyd edək ki, Milad Beiqiyədək Azərbaycan doqquz Olimpiya lisenziyası qazanmışdı. Bunlar Marina Nekrasova, İvan Tixonov (idman gimnastikası), Zöhrə Ağamirova, qrup hərəkətləri üzrə komanda (hər ikisi bədii gimnastika), Anna Skidan (atletikanın çəkicatma növü), Maksim Şemberev (üzgüçülük), Ruslan Lunyov (güllə atıcılığı), Mariya Stadnik və Şərif Şərifov (hər ikisi güləş) da bu hüquqa yiyələnib. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.

Paylaş

 Xəbəriniz olsun