Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

  • SpaceTV
  • 2 Oktyabr 2019 14:47

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun bu ölkənin Müdafiə naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

SPACE TV xəbər verir ki, tərəflər Gürcüstanın və Azərbaycanın Müdafiə nazirlikləri arasında əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Dursun Həsənov İrakli Qaribaşvilini Müdafiə naziri təyin olunması münasibətilə təbrik edib. Diplomat Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən danışıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. O, Silahlı Qüvvələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Nazir ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivlərindən məmnunluqla danışıb. O, hərbi təhsil sahəsində Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsi barədə də söhbət açıb. İrakli Qaribaşvili Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqla yanaşı, bu sahədə Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlıq formatına da toxunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edib.

Paylaş

 Xəbəriniz olsun