Azərbaycan ilə Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

  • SpaceTV
  • 22 Yanvar 2021 16:01

Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Paylaş

 Xəbəriniz olsun