Azərbaycan idmançısı favoritlər qrupunda yer alıb – Lozanna-2020

  • SpaceTV
  • 11 Yanvar 2020 11:54

İsveçrənin Lozanna şəhərində keçirilən Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarının püşkü atılıb.

SPACE TV-in məlumatına görə, yarışdakı yeganə Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxış edəcəyi sıra nömrəsi bəlli olub.

2003-05-ci il təvəllüdlülərin qatıldığı Olimpiadada qızların mübarizəsində 16 iştirakçı mübarizə aparacaq. Onlar bu gün qısa proqramda qüvvələrini sınayacaqlar.

İştirakçılar 3 qrupa bölünüblər. Nisbətən zəiflərin yer aldığı ilk “beşlik” daha tez buz üzərinə çıxacaq. Ardınca daha 5 idmançı bacarığını nümayiş etdirəcək. Mükafatlara iddialılardan rusiyalı Anna Frolova bu qrupda sonuncu olaraq sürüşəcək.

Digər favoritlər sonuncu qrupda çıxış edən 6 idmançıdır. Onlar arasında Azərbaycan təmsilçisi Y.Ryabova da olacaq. O, buz üzərinə qrupda 3-cü, ümumilikdə 13-cü çıxacaq.

A.Frolova və Y.Ryabova ilə yanaşı, medallara iddialı hesab olunan digər rusiyalı Kseniya Sinitsina 11-ci, koreyalı “üçlü aksel”i ilə həmyaşıdlarını üstələyən cənubi koreyalı Younq Yu 15-ci olaraq tamaşaçılar önünə çıxacaq.

Qeyd edək ki, qızların yarışı Bakı vaxtı ilə 19:10-da start götürəcək. Y.Ryabovanın çıxışı 21:05-21:12 aralığında gözlənilir.

Paylaş

 Xəbəriniz olsun