Azərbaycan əhalisinin sülhməramlılara münasibəti açıqlandı

  • Space TV
  • 22 Dekabr 2020 10:28

Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticələrinə əsasən əhalinin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən təmin edilə bilər.

Spacetv.az xəbər verir ki, sorğunun nəticələrinə görə, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi 29.0%-dir.

Bu missiyanın beynəlxalq sülhməramlılar tərəfindən təmin ediləcəyini cəmi 4.5% respondent qeyd edib.

Yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini respondentlərin 1.0%-i düşünür.

35.5% respondent Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür. Əsas motiv kimi (66.8%) bununla ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısının alınacağı fikri yayılıb. İmzalanan müqavilənin şərtlərinin yerinə yetiriləcəyini 43.2% respondent qeyd edib.

44.6% respondent isə Rusiya sülhməramlılarının bölgəyə gəlişinin mənfi nəticələr doğuracağını hesab edir. Həmin respondentlərin əksəriyyəti (84.7%) Rusiya sülhyaradıcılarının daha çox ermənilərin maraqlarına xidmət edəcəyindən narahatdır. Narahatlığın ikinci səbəbi isə Rusiya sülhyaradıcılarının bölgəyə gəlişi ilə Qarabağda hərbi bazanın yaradılacağı ehtimalı ilə bağlıdır – 42.9%.

Diqqətçəkən məqam odur ki, 19.9% respondent bununla bağlı fikir bildirməkdə çətinlik çəkib.

Əhalinin 57.0%-i Türkiyə sülhməramlılarının bölgədəki postlarda Rusiya sülhməramlıları ilə birlikdə olması ilə ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınacağını düşünür.

Rəyi öyrənilənlərin 49.6%-i hesab edir ki, imzalanan razılaşmanın şərtlərinin yerinə yetirilməsi təmin ediləcək.

Təxminən eyni sayda respondent (47.3%) Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür.

Bunun diplomatik mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və mövqeyini gücləndirəcəyini 33.8% qeyd edib.

Paylaş

 Xəbəriniz olsun