Axşamlar “Tarqovı”da gülsatan azyaşlı qız: Atam xəstədir, anam isə…

  • Space TV
  • 7 Fevral 2020 18:15

Sosial şəbəkələrdə az yaşlı qız uşağının axşam saatlarında paytaxtın Nizami küçəsində gül satarkən görüntüləri yayılıb. Görüntülərdə adının Aysu olduğunu deyən azyaşlı, atasının xəstə olduğunu, ona isə anasının baxdığını deyir.

SPACE TV  xəbər verir ki, videoda ailədə 4 uşaq olduqlarını deyən Aysu satdığı güllərin pulunu atasının iynə-dərman puluna verdiyini deyir. Görüntülərdə balaca qız ailəsinə kömək edə bildiyi üçün çox sevindiyini dilə gətirib.

Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. 15-18 yaşlı uşaqların işləməsinə icazə verilsə də, qanunvericilik həmin uşaqlara əmək münasibətlərində güzəştlər, imtiyazlar və əlavə təminatlar nəzərdə tutur.

Bu videoda isə təqribən qız uşağının 8 -9 yaşı olduğunu təxmin etsək onun bu saatda şəhərin küçələrində ticarətlə məşğul olmağı həm qanuna ziddir, həm də təhlükəlidir. Videodan açıq-aşkar görünür ki, balaca Aysu dilənçi və ya qaraçı deyil.

Ailəsinin imkansızlığı səbəbindən Nərgiz gülü satmaqla pul qazanan Aysunun taleyi əlaqədar qurumları düşündürməlidir. Heç kim zəmanət verə bilməz ki, gecə vaxtı bu uşaq təhlükə ilə rastlaşmayacaq.

Ümidvarıq ki, azyaşlının bu görüntüsünü əlaqədar qurumlar görüb müəyyən tədbirlər görəcəklər. İnanırıq ki, bu məsələ öz həllini tezliklə tapacaq. 

Paylaş

 Xəbəriniz olsun