Avtoyumada çimən adam – VİDEO

  • SpaceTV
  • 5 Oktyabr 2019 15:29

        Onun istiyə dözümü olmasa da, soyuqla  arası əladır. Yayda hər gün səhər və axşam kəndindəki avtoyuma məntəqəsində çimən 74 yaşlı Ələmdar kişi qışda da evini qızdırmaq üçün heç bir iş görmür.  Küçəyə çıxanda da soyuğa fikir vermir, onun əynində hələ pencək görən olmayıb. Bildiyimiz kimi avtoyuma məntəqələrində maşınları yumaq üçün istifadə olunan aparatlar suyu yüksək təzyiqlə xaric edir. Buz kimi suyun  altında yuyunan Ələmdar kişinin isə təzyiq heç vecinə deyil.

 
Masallı rayonunun Hişkədərə kənd sakini Ələmdar Əliyev dünyaya qüsurlu gəldiyindən anası ondan imtina etməyi qərara alıb. Övladını 1946-ci ilin soyuq qış günündə həyətyanı sahədə qarın içinə atıb. Yeni doğulan körpənin üç gün qar üzərində qalsa da, ölmədiyini görən valideynlər uşaqdan imtina etməkdən əl çəkiblər.

Bu acı hadisə nə bilmək olardı ki, Ələmdar kişini qeyri-adi bir insana çevirəcək. O, 40 ildən çox elektrik montyoru işləyib, ən soyuq havada belə istənilən hündürlüyə qalxır və rabitə sahəsində qış aylarında baş verən problemləri dərhal aradan qaldırır. Hazırda təqaüddə olan qəhrəmanımızın yaşının çox olmasına baxmayaraq idmanla da məşğul olur. Ələmdar kişi ilin bütün fəsillərində soyuq suda çimdiyini, amma  bir dəfə də xəstələnmədiyini deyir. Soyuq su bədəninə dəyəndə isə özünü gümrah və cavan hiss etdiyini bildirir. Onun ən böyük arzusu isə “Ginnesin rekordlar kitabı”na düşməkdir. Ağsaqqal bu istəyinə nail olmaq üçün illərdir ki, qarlı-şaxtalı havalarda Xəzər dənizinə də baş vurur.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun