Avtomobil yollarının yüksək keyfiyyətlə qurulması

  • SpaceTV
  • 2 Sentyabr 2019 14:56

Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir.Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb.

Yenidən qurulan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir.

 Sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə yenidən qurulur. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin – Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir.

 Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış mətəqəsinin əhalisinin tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

 Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Torpaq işlər bitəndən sonra isə yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtük döşənəcək.

 Bundan başqa yol boyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılacaq, mövcud borular isə təmir olunaraq bərpa ediləcək.

Paylaş

 Xəbəriniz olsun