Avropa İttifaqının rəsmisi: “Paşinyanın iki ölkə prezidentləri arasında görüşə etirazı məntiqsizdir”- FOTO

  • SpaceTV
  • 22 Oktyabr 2020 16:09

Oktyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun videokonfrans formatında növbədənkənar iclası keçirilib.

Spacetv.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

İclasda Milli Məclisin deputatları – Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, komitənin həmsədri Cavanşir Feyziyev və sədr müavini Erkin Qədirli iştirak ediblər. Çıxış edən komitənin həmsədri Cavanşir Feyziyev Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə məlumat verib.

O bildirib ki, sentyabrın 27-dən başlayan silahlı toqquşmalardan bugünədək iki dəfə atəşkəs barədə razılığa gəlinsə də, Ermənistan atəşkəsi pozaraq Azərbaycanın yaşayış məntəqələrinə raketlərlə hücum etdi:

“Atəşkəs barədə razılaşmadan dərhal sonra Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə gecə vaxtı ballistik raketlər atdı. Nəticədə xeyli sayda mülki insan, o cümlədən uşaqlar həlak oldu, yaralandı, yaşayış evləri yararsız vəziyyətə düşdü. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü razılaşdırılsa da, Ermənistanın Baş naziri Nikol Paşinyan məsələnin ancaq hərb yolu ilə həllinin mümkün olduğunu iddia edərək son anda bu görüşdən imtina etdi. 

Ermənistan öz ərazisindən Azərbaycanın böyük şəhərlərinə raketlər atmaqla Azərbaycanı ona cavab verməyə təhrik edir və beləliklə münaqişəyə üçüncü dövlətləri cəlb etməyə çalışır. Azərbaycan həmişə danışıqlara hazırdır, lakin Ermənistanın məntiqsiz davranışları buna imkan vermir. Ermənistan tərəfi bilməlidir ki, atəşi dayandırmasalar, heç bir danışıqdan söhbət gedə bilməz. Hazırda Ermənistan müxtəlif ölkələrin Dağlıq Qarabağın müstəqilliyini tanıması üçün əlində olan bütün vasitələrdən istifadə edir. Lakin beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri Dağlıq Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edir”.

Sonra iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand hər iki tərəfdə insanların həlak olmasından narahatlığını bildirdi və tərəfləri atəşi dayandırmağa çağırdı.

Həmsədr Paşinyanın iki ölkə prezidentləri arasında görüş keçirilməsinə etiraz etdiyindən xəbərsiz olduğunu və bu görüşün Ermənistanın maraqlarına uyğun olduğu üçün Ermənistanın məntiqsiz davrandığını qeyd etdi.

İclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Avropa İttifaqı tərəfindən sədr müavinləri Kosma Zlotovski, Raza Yukneviçiene Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompromisin və uzunmüddətli strategiyanın vacibliyinə diqqəti çəkdilər. Qeyd olundu ki, Dağlıq Qarabağda ermənilər yaşayır, lakin bu Qarabağın Azərbaycan torpağı olması faktını dəyişmir. Sədr müavinləri tərəfləri münaqişənin danışıqlar yolu ilə həllinə çağırdılar.

Videokonfrans formatında keçirilən iclasda çıxış edən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən sədr müavini, Milli Məclisin deputatı Erkin Qədirli diqqətə çatdırdı ki, Ermənistanın əvvəlki prezidentləri müharibə cinayətkarları idilər, Xocalıda törətdikləri soyqırımı da etiraf etmişdilər və bu gün də Azərbaycanın mülki əhalisinə qarşı soyqırım davam edir.

Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Madrid prinsiplərinə toxunan Erkin Qədirli qeyd etdi ki, Qazaxıstanda keçirilən görüş zamanı Paşinyanın çevrəsində olan məmurlar Madrid prinsiplərini tanımadıqlarını bildirmişdilər, bundan sonra isə Paşinyan “Qarabağ Ermənistandır!” bəyanatı ilə çıxış edib.

Erkin Qədirli çıxışında 2005-ci ildə Avropa Şurası PA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamənin yerinə yetirilməsinin vacibliyindən də danışdı:

“Dağlıq Qarabağda yaşayan ermənilər oranın azərbaycanlı icmasını qəbul etmirlər, bu da münaqişənin həllinə mane olan amillərdən biridir”.

Sonda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrləri Cavanşir Feyziyev və Marina Kalyurand məsələnin gedişatını daha yaxından izləmək üçün ən qısa müddətdə növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Bununla da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi bürosunun videokonfrans formatında keçirilən növbədənkənar iclası başa çatıb.

Paylaş

 Xəbəriniz olsun