Astaralı arıçılar arıxanalarda mövsümi qulluq işləri aparmağa davam edirlər.

  • SpaceTV
  • 6 May 2020 15:25

Hazırda arıçılar ilin məhsulu üçün arıxanalara baxış keçirirlər. Qış çox sərt keçmədiyindən arıxanalarda demək olar tələfat qeydə alınmayıb.  Bu da o deməkdir ki, bu il arıçılar ötən ilkinə nisbətən daha çox bal tədarük edəcəklər. Bunun üçün ölkəmizin ən böyük arıçılıq rayonu olan Astarada hər cür imkan  var . Əlverişli iqlim şəraiti, füsunkar təbiəti, meşə massivləri, zəngin bitki örtüyü. Rayonda arı ailələrinin sayı 28 mindən çoxdur və həvəskar arıçılarla birlikdə 1500 nəfər arıçı var. Keyfiyyətli və bol məhsulun təməli ilk növbədə  arıxanalara və arılara düzgün qulluqdan başlayır.

Arı ailələri yeniləndikdən sonra həm dağa, həm də aran bölgəsinə köçürüləcək. Bu da bitki tərkibinə görə balın keyfiyyəti, çeşidlənməsi baxımından əhəmiyyət kəsb edir. Balla yanaşı arı südü, çiçək tozu, güləm də tədarük edən arıçılar satış baxımından çətinliklərinin olmayacağına əmindirlər. Çünki məhsullarının keyfiyyətinə güvənirlər. 

Ötən il orta hesabla hər arı ailəsindən 18-20 kq bal götürülməklə Astarada 500 tona yaxın bal tədarük edilib. Bu mövsüm ilk balın süzümü hava şəraitindən asılı olaraq mayın sonu, iyunun əvvəllərində aparılacaq.  Qeyd edək ki, cənub bölgəsində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonları üzrə 3 minə yaxın arıçı var ki, onlar da təsərrüfatlarında 50 mindən çox arı ailəsi bəsləyir.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun