Astarada yolda maşınların hərəkətinə ne mane olur ?

  • Space TV
  • 4 Yanvar 2020 15:51

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkəmizin əsas magistral yollarından biridir. Hazırda 202 km hissəsi istismarda olan yolda sürət həddi 120 km/saat-dır. Belə sürətli yolda  kənar müdaxilələrin qarşısını almaq üçün yolboyu hər iki tərəfdə metal mühafizə çəpərləri çəkilib. Amma sürücülər, demək olar ki, hər gün mal-qara və başqa heyvanların yolun hərəkət hissəsinə çıxması ilə rastlaşırlar. Bu isə avtomobilin qəza törətməsinə səbəb ola bilər. Əsasən də, magistral yolun 150-202 km-lik hissəsində vəziyyət acınacaqlıdır.

2018-ci ildə istifadəyə verilən yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Ancaq yola  müdaxilələrin olması görülən işlərə kölgə salmaqla yanaşı, insanların həyatına ciddi təhlükə törədir. Məsələ ilə bağlı 7 №-li Magistral Yolların İstismarı MMC-nin baş mühəndisi Ələddin Sadıqovla danışdıq. O, bildirdi ki, qurumun əməkdaşları tərəfindən hər gün mühafizə çəpərlərinə nəzarət olunur. Bunun üçün 65 nəfər çalışır, hər 3 km-ə 1 işçi düşür, amma buna baxmayaraq yenə də neqativ hallar baş verir. Çox heyif ki, əhali tərəfindən bu mühafizə çəpərinə, yolun xidmətinə ögey münasibət var. Metal torlar oğurlanır, qanunsuz açılır və mal-qara içəri salınır. Çəpərləmə işlərinin aparılması mümkün olmayan yol kəsişmələrində bu hala daha çox rast gəlinir. Dəfələrlə əhali ilə söhbət aparılıb, aidiyyəti orqanlara yazılı-şifahi şəkildə müraciət edilib, amma nəticəsi olmayıb. Hazırda qurumun kimisə yerindəcə cərimə edə bilməsi üçün heç bir hüququ yoxdur.

Qurumun baş mühəndisi Ələddin Sadıqov onu da əlavə etdi ki, əhalinin çox hissəsi həmin metal çəpəri səliqə ilə kəsir, heyvanlarını yolun ərazisinə buraxır.  Sonra həmin yeri elə bağlayır ki, qurumun əməkdaşları heyvanları çıxarmaq istəyəndə həmin kəsilmiş yeri tapa bilmir. Hava qaralan vaxt heyvanların sahibi gəlir, oradan heyvanları çıxardır. Hər gün bu hal təkrarlanır. Avtomobillərin təhlükəsiz hərəkətinə mane olan digər bir məsələ isə hərəkət iştirakçıları tərəfindən yolun zibillənməsidir. Həyətindən zibili yığıb, gətirib yolun qırağına qoyanlar da var. Bir heyvanın yolda otlamağı səbəbindən isə bir ailə qəzaya düşüb məhv ola bilər.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun