Astarada yeni bağlar salınır

  • SpaceTV
  • 20 May 2020 18:02

Astarada ötən il bar verən 40 hektar kivi bağlarından 43 tona yaxın məhsul götürülüb və yaxşı gəlir əldə olunub. Gəlirli və sərfəli olması fermer Firdovsi Rəşidovu bu sahəyə yer ayırmağa həvəsləndirib. Rayonun Şiyəkəran kəndi ərazisində icarəyə götürdüyü 70 ha  torpaq sahəsində 9 növ meyvə ağacları becərən təsərrüfatçı bu il 30 hektar ərazidə kivi bağı salır.  Bu məqsədlə Türkiyədən kivi tingləri gətirilib.

Kivinin əkilməsi üçün əvvəlcə münbit torpaq qarışığı hazırlanır. Sonra torpağı daha da qüvvətləndirmək üçün azot, fosfor və kalium gübrələri qatılaraq qarışdırılır. Daha sonra tinglər yer səthindən 60-70 sm hündürlükdə hazırlanan torpaq yatağında əkilir. Bol məhsul əldə etmək, habelə bağda gələcəkdə rahat işləyə bilmək üçün cərgə və ara məsafələrin düzgün seçilməsi də vacib amillərdən hesab olunur. Salınan kivi bağından isə bir neçə ildən sonra bar əldə etmək mümkün olacaq. Məhsulun həm ölkə daxili bazarlarda satışı, həm də ixracı nəzərdə tutulur.  

Əkin başa çatdırıldıqdan sonra dirəklərarası  məftillər çəkiləcək, bağda damcı suvarma sistemi qurulacaq. Əkindən 15-20 gündən sonra  isə becərmə işləri aparılacaq.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun