Astarada özbəkistan sortu olan limon yetişdirilir

  • Space TV
  • 27 Dekabr 2019 18:16

Cənub bölgəsində fermerlər müxtəlif sitrus meyvələri yetişdirməklə yanaşı, çalışırlar ki, yeni sortlar da əldə etsinlər. Rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyevin bağında becərdiyi limonlar da bu növdəndir. İlk baxışdan böyük bir armudu xatırladan bu sortu o, Özbəkistandan gətirib. Sonra isə calaq üsulu ilə artırmağa başlayıb. Təsərrüfatçının sözlərinə görə, ötən il yalnız ağacın meyvəsindən satırdısa, bu ildən başlayaraq calaq yolu ilə becərdiyi ağac tinglərini də satır. Təkcə bu il 700-ə yaxın xırda ting sata bilib. 

Bu limonun meyvələri qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır, ağacı isə yerli şəraitə rahat uyğunlaşa bilir. Həm də ağacın meyvəsi iridir. C vitamini ilə zəngin olan bu sitrus meyvəsi bir neçə xəstəliyin də dərmanıdır. 

Özbəkstandan gətirilən limonun ən kiçiyi 300 qram, ən irisi isə 1 kq-a yaxındır. Qiymətlərə gəldikdə isə, adi limonun 1-i 30-50 qəpikdirsə, özbək sortu olan limonun 1 ədədinin qiyməti 2-3 manat arası dəyişir. Yeni sort limonun başqa bir özəlliyi odur ki, yerli limonlar ildə bir dəfə, Özbəkistandan gətirilən limonlar isə ilboyu ardıcıl olaraq bar verir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun