Astara sakininin təsərrüfatındakı arılar kütləvi şəkildə qırılıb

  • Space TV
  • 17 İyun 2020 14:21

Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir. Rayonun Burzubənd kənd sakini Camal Baxşıyevin 25 ildir ki, arı təsərrüfatı var. Bu illər əzində saxladığı arı ailələrinin sayını 19-a çatdıra bilsə də, naməlum səbəbdən onların yarısından çoxu tələf olub. Hər səhər öz təsərrüfatındakı arıları yoxlayan kənd sakini bu dəfə fərqli mənzərə ilə qarşılaşıb. 

Təsərrüfatçı deyir ki, arı ailələri təbii şəkildə meşələrdəki cökə və xurma ağaclarından qidalanıblar. Buna görə də, arıların əlavə yemə ehtiyacları olmayıb. Məsələ ilə bağlı Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirovun fikrini öyrəndik. O, arıların zəhərləndiyini ehtimal edir.

Camal Baxşıyev 25 il ərzində ilk dəfədir ki, belə bir halla rastlaşdığını bildirir. Arıların öldüyü pətəklərdə hazırda bal var, amma onlar istifadəyə yararsızdır.

Arı ailələrinin kütləvi şəkildə qırılması nəticəsində təsərrüfatçıya 6000 manata yaxın maddi ziyan dəyib. Qalan arılarda isə heç bir problem yoxdur. Belə bir tələfatın baş verməsi kəndin digər arıçılarını da müəyyən qədər narahat edir. Arıların hansı səbəbdən tələf olmasını öyrənmək üçün nümunələr laboratoriyaya göndərilib.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun