“ASAN Xidmət”in səyyar avtobusu fevralın 29-na kimi Lənkəranda olacaq.

  • Space TV
  • 8 Fevral 2020 11:43

Artıq 4 gündür ki, “ASAN Xidmət”in səyyar qrupu Lənkərandadır. Bu qısa müddətdə 800-dən çox vətəndaşın müraciəti cavablandırılıb. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Müraciət edənlər notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və başqa bu kimi bir neçə xidmətdən yararlanırlar. 

Ölkə başçısı İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib ki, bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək. Onlardan biri də Lənkəranda tikiləcək. Bu sevindirici xəbər lənkəranlıların lap ürəyincədir. Lənkəranda səyyar “ASAN xidmət” fevralın  29-dək davam edəcək. Səyyar “ASAN xidmət”in cənub bölgəsindəki növbəti səfəri Cəlilabad rayonuna olacaq.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun