“ASAN Xidmət” və “YAŞAT”ın rəhbərləri qazilərlə görüşdü – FOTO

  • SpaceTV
  • 28 Yanvar 2021 15:12

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun icraçı direktoru Elvin Hüseynov qazilərlə görüş keçirib. Həmin görüşdə Boccia İdman Federasiyasının Baş katibi və Arabaçı Əlillər şəbəkəsinin sədri, qazi İlham Məhərrəmov, Boccia İdman Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Kazımova, qazi Əvəz Aslanov, ehtiyyatda olan zabit, Azərbaycan Qarabağ qaziləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədri qazi Zülfüqar Cəfərov, qazi Rey Qasımov iştirak edib.

Ü.Mehdiyev və E.Hüseynov “YAŞAT” Fondunun yarandığı gündən etibarən gördüyü işlərlə bağlı qazilərə məlumat verib. Ü.Mehdiyev qeyd edib ki, qurum əlillik statusu olanlar və şəhid ailələri olaraq iki struktura bölünür. Həmçinin “YAŞAT” Fondunun qeydiyyatı şəhid ailələri və qazilər üçün iki halda aparılır. O qeyd edib ki, ilkin mərhələ şəhid ailələrinin qeydiyyata alınması, onlarla görüş, problemlərinin dinlənilməsidir. Eyni zamanda “YAŞAT” Fondu öz şəffaflığı ilə seçilir, veb-saytında hər bir bölmənin açıqlaması var. Dekabr ayının 8 – dən etibarən hər gün şəhid ailələri ilə görüşlər keçirilir, onlar qeydiyyata alınır.

Daha sonra İlham Məhərrəmov görüş üçün öz təşəkkürünü bildirib və “YAŞAT” Fondunun işini yüksək qiymətləndirib.

Təklif olaraq isə fond tərəfindən əlil arabalarının Azərbaycanda istehsal olunması ilə bağlı layihə təklifi təqdim edib. Çünki bu kimi problem hələdə qalmaqdadır. Daha sonra isə Qarabağ döyüşçülərinin və qazilərin problemləri dinlənilib və müzakirə edilib. Problemlərin tez bir zamanda həll ediləcəyi barədə məlumat verilib. Qazilər özləri üçün kiçik də olsa biznesin qurulması barədə təklif irəli sürüblər.

Paylaş

 Xəbəriniz olsun