“ASAN müraciət” sistemi necə fəaliyyət göstərəcək? – VIDEO

  • Space TV
  • 24 Avqust 2020 18:21

““ASAN müraciət” sisteminin əsas məğzi ondan ibarətdir ki, vətəndaşlarımız müxtəlif vaxtlarda qarşılaşdıqları problemlərlə bağlı, istər bu kommunal, istər yol infrastrukturu ilə bağlı, istər abadlaşma ilə bağlı problemlər olsun,  həmin problemləri dərhal  qeydə  alıb aidiyyatı qurumlara yönləndirə bilsinlər”. “ASAN müraciət” informasiya sisteminin mahiyyəti ilə bağlı Spacetv.az saytına açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov belə deyib.

Ceyhun Salmanov bildirib ki, sərəncam ölkəmizdə vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsi, eyni zamanda problemlərin aradan qaldırıması istiqamətində növbəti addımdır: “Bundan əvvəl hansısa bir vətəndaş öz yaşadığı ərazidə yol infrastrukturu ilə bağlı, yaxud da qazla bağlı hər hansı qəza vəziyyəti ilə rastlaşdıqda bu məlumatı dövlət strukturlarına ötürmək üçün bir müddət gözləməli olurdu. Bəzən çağrı mərkəzlərinə zəng vururdu, ərizə doldururdu və sairə belə mərhələləri keçirdi.  Nəticə olaraq bəzən obyektiv və subyektiv səbəblərdən bu problemlər dərhal həll olunmurdu, bəzən isə problemlərin həlli ilə bağlı müəyyən yubanmalar olurdu. Təbii ki, bu halın qalması həm orada yaşayan vətəndaşların narazılığına səbəb olur, eyni zamanda dövlət strukturlarında belə problemlərin dərhal müəyyən edilib aradan qaldırılmasında çətinliklər yaranırdı”.

Cehyun Salmanov “ASAN müraciət” sisteminin mobil tətbiqinin hazırlandığını da deyib:  ““ASAN müraciət” sisteminin yaradılması ilə artıq vətəndaşlar öz mobil telefonlarına yüklədikləri tətbiq vasitəsilə istənilən vaxt hər hansı problemlə qarşılaşdıqda həmin problemi dərhal foto, video, yazı və ya səs şəklində fiksə edə bilərlər və həmin problemi real vaxt rejimində “ASAN müraciət” sisteminə yönləndirə bilərlər. “ASAN müraciət”-ə yönəldikdə isə operatorlar vasitəsilə bu müraciətlər emal olunur və hansı qurumlara aid olduğu müəyyən edilir və o qurumlara yönləndirilir. Eyni zamanda vətəndaşlarımız təkcə internet üzərindən deyil, offline rejimdə olduqları vaxt da bu tətbiqdən istifadə edə biləcəklər. Vətəndaşlar hər hansısa problemi fiksə etdikdən sonra telefon internetə qoşulan kimi dərhal məlumatlar “ASAN müraciət” sisteminə yönləndiriləcək. Bununla da “ASAN müraciət” sistemi ikili nəzarət sistemini formalaşdırır. Bu prosesdə sistem üzərində həm vətəndaşlarımızın, həm də dövlətin nəzarəti var ”.

Xatırladaq ki, avqustun 21-də Prezident İlham Əliyev  “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında  Sərəncam imzalayıb.

Əbülfət Baxşəliyev, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun