“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha şəxslərin zəruri ehtiyacları qarşılanır

  • SpaceTV
  • 30 Mart 2020 12:55

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində “ASAN Məktub” sosial proqramı çərçivəsində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraq, www.asanmektub.az saytına yerləşdirilir. Eyni zamanda “108(5)” çağrı mərkəzi vasitəsi ilə də müxtəlif müraciətlər qeydə alınır.

Xidmətdən verilən məlumata görə, yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla, seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verə bilərlər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılır.

Bununla bu kateqoriyadan olan şəxslərə evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin və s. çatdırılmasında ümumvətəndaş həmrəyliyi öz töhfəsini verir.

Bu günədək “ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5000-dək uşağın arzu və istəyi həyata keçirilib:

“Vətəndaşlarımızın 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarının qarşılanması istiqamətində də həmrəy olacaqlarına və dəstəklərini əsirgəməyəcəklərinə inanırıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 24 mart 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və onlara sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun