“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK

  • Space TV
  • 18 Dekabr 2020 17:08

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, bu proses ilk dəfə “Asan İmza” sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitənlər istisna olmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri və “ASAN xidmət” mərkəzləri (ASXM) ilə yanaşı elektron qaydada da mümkündür.

Belə ki, vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

İstifadəçilər tərəfindən sertifikatın yenilənməsi üçün ərizənin göndərilməsi sertifikatın etibarlılıq müddətinin bitmə tarixindən öncəki 30 gün ərzində mümkündür.

Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda, sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur.

Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər.

“Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə linkdən tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/asan-imza#yeni

Bununla yanaşı, bir müddət əvvəl “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı ”na əlavə və dəyişikliklər edilib, o cümlədən, mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.

Paylaş

 Xəbəriniz olsun