Arıçılar qışa hazırlaşır

  • SpaceTV
  • 7 Noyabr 2019 14:55

1300 nəfərə qədər arıçının olduğu Astara rayonunda şaxtalı havalar başlamamış yeşiklərin hər biri açılır və arı ailələrinin hansı vəziyyətdə olması gözdən keçirilir. Arıların yaza salamat çıxması üçün vacib şərtlərdən biri də pətəkdə bir ailəyə yetəcək qədər balın saxlanmasıdır. Çünki arılar qışdan çıxmaq üçün təmiz balla qidalanmalıdırlar.  Arı ailəsinin salamat, yuvada isə qışlamaq üçün kifayət qədər bal olduğunu dəqiqləşdirdikdən sonra zərərvericilərə qarşı dərmanlama aparılır. Arıxanalara ən çox zərər verən gənə xəstəliyidir ki, buna görə ilboyu profilaktiki müalicələr edilir.

Cənub bölgəsi rütubətli olduğundan arıçılar nəzarət edir ki, güclü yağışlar zamanı su yuvanın içərisinə keçməsin. Əks təqdirdə, rütubət yuvada xəstəliklərin yaranmasına və tələfata yol aça bilər. Bu məqsədlə yuvanın yerdən hündürlüyü də kifayət qədər olmalıdır. Arıçılar tərəfindən qışlama dövrünə hazırlıq üçün başqa tədbirlər də görülür.

Astarada 28000-ə yaxın arı ailəsi var və arıçıların dediyinə görə, bu ilki məhsuldarlıq qənaətbəxş olub. Arıçılığın inkişafı məsələsi dövlət tərəfindən də nəzarətdədir. Rayonda qeydiyyata düşən hər bir arıçı artıq təsərrüfatına uyğun olaraq subsidiyalarını alıb. Bu il keçirilən bal yarmarkasında da astaralı arıçılar iştirak edib.

Mart ayının axırı, aprel ayının əvvəlləri arıların qışlama dövrü bitmiş hesab olunur. Elə ki, ağacların çiçəkləmə dövrü başlayır arılar şirə yığmağa çıxırlar. Qeyd edək ki, təsərrüfatçılar havaların hələlik sabit keçməsindən istifadə edib qarşıdakı həftə ərzində hazırlıq işlərini yekunlaşdırmağa çalışırlar.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun