AMB yeni məsafədən kurslar hazırlayaraq istifadəyə verib

  • Space TV
  • 31 Avqust 2020 15:07

Azərbaycan Mərkəzi Bankı (AMB) “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar istehlakçıların maliyyə savadlılığının və eyni zamanda maliyyə sektoru üzrə insan resurslarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirir.

Spacetv.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, AMB-nin Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az/) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində qurumun əməkdaşları “Kapital bazarlarının əsasları” və “Avtoicbari sığorta” mövzularında iki məsafədən kurs hazırlayaraq istifadəyə verib. Eyni zamanda beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində aktual mövzularda yeni məsafədən kurslar da hazırlanıb. Belə ki, Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə “Agent bankçılıq: mahiyyəti, riskləri və həyata keçirmə üsulları” və “Əhalinin rəqəmsal maliyyə savadlılığı” mövzularında, Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “İzafi borclanma: problemlər və tövsiyələr” mövzusunda yeni kurslar əhalinin istifadəsinə verilib.

AMB-nin Virtual Təhsil Platforması (VTP) iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır. VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, interaktiv tapşırıq və testlərə çıxış əldə edə bilərlər.

AMB-nin təqdim etdiyi məsafədə kursları müvəffəqiyyətlə bitirmiş dinləyicilər üçün xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq yekun qiymətləndirmə imtahanı da hal-hazırda video formatda həyata keçirilir və bu istiqamətdə artıq uğurlu nəticələr əldə olunub. Video formatda keçiriləcək yekun imtahanda məqbul bal toplamış dinləyicilər həmçinin müvafiq sertifikatla təmin olunur. AMB-nin Virtual Təhsil Platforması ilə bağlı müraciətlər [email protected] elektron ünvanına göndərilə bilər.

Paylaş

 Xəbəriniz olsun