AMADA-dan xəbərdarlıq: Stereoidlərdən istifadə qadınlarda tüklənməyə, kişilərdə sonsuzluğa səbəb olur

  • SpaceTV
  • 24 Sentyabr 2020 12:03

Stereoidlərdən istifadənin insanlara fəsadları açıqlanıb.

Spacetv.az-ın verdiyi məlumata görə, bu barədə Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli stereoidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransı zamanı danışıb:

“Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Stereoidlərin geniş yayılmasının əsas səbəbi istifadəçilərin qısa müddətdə istədikləri bədən quruluşuna sahib olmaq arzusudur.

Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır. Stereoidlərdən mütəmadi istifadə ürək tutulması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması və digər bərpaolunmaz fəsadlar törədir.

Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Ötən həftə DTX-nin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir”.

TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva isə həkim kimi öz fikirlərini bildirib:

“Stereoidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Stereoidlərdən mütəmadi istifadə edənlərdə aqressiya, dərin depressiya halları müşahidə olunur.

Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçlərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdur. Onlardan istifadə kişilərdə sonsuzluq, impotensiya yaradır. Qadınlarda tüklənməyə səbəb olur”.

Paylaş

 Xəbəriniz olsun