Almaniyalı həkim öz hazırladığı peyvəndi icazəsiz olaraq könüllülərə vurdu

  • Space TV
  • 10 Fevral 2021 10:31

Almaniyalı həkim və iş adamı Vinfrid Ştokker koronavirusa qarşı peyvənd yaratma təcrübələrinə görə mühakimə olunub.

Bu barədə MDR telekanalına Lyubek prokurorluğunun nümayəndəsi məlumat verib.

Öz laboratoriyasına sahib olan 74 yaşlı “Görlitz” univermağının sahibi 2020-ci ilin yazında icad etdiyi dərmanı icazəsiz olaraq özü və başqaları üzərində sınaqdan keçirməyə başlayıb.

Ştokkerin sözlərinə görə, o mart və aprel aylarında bud əzələsinə dörd dəfə peyvənd vurub.

Bundan sonra, həmin şəxs peyvəndi həyat yoldaşı, uşaqları və digər 65 könüllü üzərində test edib.

Ştokker iddia edib ki, peyvənd könüllülərdə iynə yerində zəif qıcıqlanma və ağrıdan başqa heç bir əks təsir göstərməyib, əksinə onların hamısında anticisim yaranıb.

Təşəbbüskar öz bloqunda peyvəndin reseptini yayımlayıb və onu hazırlamağın və saxlamağın asan olduğunu qeyd edib. O, peyvəndin 95 faiz təsirli olduğunu deyib və bildirib ki, dərmanının köməyi ilə bütün Almaniya bir neçə ay ərzində “koronavirusdan təmizlənəcək”.

2020-ci ilin sentyabrında Ştokker nəticələrini peyvəndlərin qeydiyyatından məsul olan Paul Ehrlich İnstitutuna bildirib və dərmanın effektivliyini təsdiqləmək üçün sınaqların genişləndirilməsini istəyib. Ancaq alimlər prokurorluğa müraciət ediblər. Dərman vasitələri ilə bağlı qanunları pozmaqda şübhəli bilinən həmin şəxs barəsində cinayət işi başladılıb.

Ştokker 1987-ci ildə autoimmun və yoluxucu xəstəliklərin tanınması metodlarını inkişaf etdirmək üçün “Euroimmun” şirkətini qurub. Şirkətin hazırda 17 ölkədə nümayəndəliyi var. 2017-ci ildə Ştokker “Euroimmun”u 1,2 milyard avroya ABŞ konserninə satıb.

Paylaş

 Xəbəriniz olsun