Almaniyada hidrogen qatarının sınaqları keçiriləcək

  • SpaceTV
  • 24 Noyabr 2020 13:32

Almaniyanın dövlət dəmir yolları operatoru “Deutche Bahn” ilə “Siemens Mobility” hidrogen qatarlarının və onlara aid doldurma məntəqələrinin sınaqlarını keçirəcəklərini açıqlayıb.

Spacetv.az xəbər verir ki, birgə açıqlamaya görə, 2024-cü ildə başlayacaq və bir il davam edəcək sınaqlar Baden Vürtemberq əyalətinin üç şəhəri arasında 370 mildən artıq yol üzərində aparılacaq. “Siemens”in hazırladığı “Mireo Plus H” adlı iki vaqonlu qatar hidrogen və oksigendən elektrik enerji əldə edən avadanlıq və ehtiyat akumulatorla təchiz olunaraq 160 km/saatadək sürət toplaya bilir və bir doldurma ilə 600 km məsafə qət edə bilir. Şirkət həmçinin 1000 km mənzilli üç vaqonlu versiya da hazırlayacaqlarını bildirib. Bu qatarlar yerli miqyasda, yəni nisbətən qısa məsafələrdə işlətmək üçün nəzərdə tutulub.

Hazırda ölkədəki 33 min km-lik dəmir yollarının 40 faiz elektriksiz hissəsində istifadə olunan 1300-dək dizel qatarını əvəz edəcəyi düşünülən yeni qatarların tətbiqi sayəsində ildə 330 tonadək karbon qazı azaltmaq hədəflənir. Bütövlükdə isə dizellə işləyən nəqliyyat vasitələrini dəmir yollarından 2050-ci ilədək yığışdırmaq nəzərdə tutulur.

“Siemens Mobile”ın icraçı direktoru Mayk Piterin dediyinə görə qarşıdakı 10-15 il ərzində Avropada 10-15 min qatarı əvəzləmək lazım gələcək. Hər qatarın qiyməti 5-10 milyon avrodur.

Qeyd edək ki, 2018-ci ildən Fransanın “Alstom” şirkəti Almaniyanın şimal bölgəsində sınaqlarını keçirdiyi hidrogen qatarlarını Avstriyanın bəzi xətlərində işlədir.

Paylaş

 Xəbəriniz olsun