“Ağyoxuş” yatağının işlənməsi üzrə planlar açıqlandı

  • Space TV
  • 2 Fevral 2021 11:52

“Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq. 

Bunu “Azergold” QSC-nin İdarə Heyətinin Sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

“Ağyoxuş 1”lə yanaşı, “Ağyoxuş 2” və “Ağyoxuş 3” adlandırdığımız yataqların, eləcə də nisbətən yaxın məsafədə yerləşən “Narçala”, “Mərəh”, “Tülallar”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlərinin emalı da “Çovdar” İnteqrəedilmiş Regional Emal Sahəsində (ÇİRES) həyata keçiriləcək. ÇİRES-in tam fəaliyyətə başlaması bölgənin sosial-iqtisadi inkişafına böyük ölçüdə təsir göstərəcək, yeni daimi iş yerlərinin açılmasına səbəb olacaq.

Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində bu yataqların istifadəyə verilməsi planlaşdırılır.

Ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə cəmiyyət tərəfindən 14 dekabr 2020-ci il tarixində ilk törəmə cəmiyyət qismində “Daşkəsən Dəmir Filiz” MMC dövlət qeydiyyatına alınıb və dövlət reyestrinə daxil edilib. Hazırda şirkətin fəaliyyətinin təşkili istiqamətində müvafiq tapşırıqlar icra edilməkdədir.

“Daşkəsən” dəmir filizi yataqları üzrə 7 830 metr buruq-qazma işləri icra edilmiş və hazırda da proses davam etdirilməkdədir. Qeyd edim ki, yataq üzrə ilkin qiymətləndirmə sənədinin cari ilin avqust ayında hazırlanması nəzərdə tutulur. 

Bu sənəd çərçivəsində yataq üzrə 2021-ci ildə geoloji tədqiqatların davam etdirilməsi və metallurji işlərin aparılması planlaşdırılır. Qeyd edilən fəaliyyətin yekunlarına əsasən filizlərin bir qisminin daha sürətli şəkildə hasilata verilməsi potensialı qiymətləndiriləcək.

Hesabat dövrü ərzində “Çovdar”, “Köhnəmədən”, “Qaradağ” saziş sahələrini əhatə edən yataqlar və Daşkəsən dəmir filizi yatağı ərazisində 75 min 778 metr buruq-qazma işləri görülüb və 31 min 20 nümunə üzrə laboratoriya təhlilləri aparılıb. 

“Çovdar” yatağının sulfid mərhələsi üzrə kəşfiyyat və tədqiqat işlərinin yekunlaşdırılması nəticəsində yatağın resursları 533,5 min unsiya (və ya 16,5 ton) həcmində artırılıb və bu rəqəmlər beynəlxalq məsləhətçi tərəfindən təsdiqlənib. 

2017-2020-ci illərdə qızıl, gümüş və polimetal yataqlarında beynəlxalq standartlara görə qiymətləndirilmiş və qəbul olunmuş resursların həcmi “Çovdar” yatağının sulfid mərhələsi, “Ağyoxuş 1” yatağı və “Filizçay” yataqlarının resursları hesabına 179 min unsiyadan 4 447 min unsiyayadək artırılıb. Ümumi Qızıl Ekvivalenti (GEO) hesabı üzrə artım 20 dəfədən çox təşkil edib.

Paylaş

 Xəbəriniz olsun