Ağcabədidə külli miqdarda heroin dövriyyədən çıxarıldı – FOTO

  • SpaceTV
  • 12 Avqust 2020 14:50

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, Ağcabədi rayon Avşar kənd sakinləri Zaur Hüseynov və Elşən Hüseynovun narkotik maddə olan heroini Avşar kəndi ərazisində satmaları barədə RPŞ-yə məlumat daxil olub. 

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Elşən Hüseynov və Zaur Hüseynovun 1 kiloqram heroini 20 min manata satmaq istədikləri müəyyən edilib.

Keçirilən əməliyyat tədbiri nəticəsində E.Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib, Z.Hüseynovun isə saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bununla da polis əməkdaşları tərəfindən külli miqdarda heroinin realizə olunmasının qarşısı alınıb. 

Tədbirlərin davamı olaraq hal şahidlərinin iştirakı ilə Z.Hüseynovun yaşadığı evə də baxış keçirilib və oradan 100 qram heroin, 16 qramdan artıq psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun