“Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqəsinin I mərhələsi bitdi

  • Space TV
  • 11 Yanvar 2021 16:15

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunmuş “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin I mərhələsinə yekun vurulub.

Spacetv.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, xüsusi karantin rejimi ilə əlaqədar münsiflər heyətinin onlayn formatda keçirilən iclasında müsabiqənin qalibləri müəyyənləşib.

Abşeronda son illər aparılan nəhəng quruculuq işlərinə təkan vermək, həmçinin milli incəsənət ruhunu yaşatmaq, özünəməxsus rəng çalarlarını yenidən canlandırmaq, yarımadanın tarixi-memarlıq ənənələrini qoruyaraq gələcək nəsillərə ötürmək məqsədilə təşkil olunan və ümumi mükafat fondu 60 min manat olan müsabiqədə iştirak etmək üçün 53 layihə təqdim olunub. Abşeronun digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramının ilkin mərhələsində təqdim olunan layihələr Əmircan, Ramana və Pirşağını əhatə edib. Təqdim olunmuş layihələrdə qəsəbələrin estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapıb.

Əmircan qəsəbəsi üzrə qalib elan edilmiş layihədə mövcud infrastruktur problemləri araşdırılmış və həllinə dair təkliflər irəli sürülüb. Qəsəbənin tarixinə, yerli ənənəvi memarlığa xas olan faktorların qabardılması və ətraf mühitlə həmahəng inkişaf ideyaları üzərində qurulmuş layihədə mövcud tikililərin fasad həlləri ilə yanaşı, məkanın xarici turistlər üçün cəlbediciliyinin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi təklif ediib.

Pirşağı qəsəbəsi üzrə 1-ci yeri qazanmış layihədə ictimai məkanların qıtlığı probleminin aradan qaldırılması üçün həm dalan içi məhəllələr, həm də mərkəzi küçələr boyu dəyişikliklərlə həllinə dair təkliflər öz əksini tapıb. Həmçinin layihədə avtomobillərin dominantlığının həlli məqsədi ilə yolların quruluş sxemində piyada və velosiped zolaqlarının əlavə olunması təklif edilib.

Müsabiqə proqramının ilkin mərhələsinin son qəsəbəsi olan Ramana üzrə qalib gəlmiş layihədə, ilk növbədə, qəsəbənin özünəməxsus tarixini ön plana çıxarmaq məqsədilə qala ətrafı əraziyə fokus olunub. Sakinlərin gündəlik rifahını yaxşılaşdırmaq, ənənəvi məişət həyatını əks etdirmək üçün mövcud qeyri-yaşayış obyektlərinin bərpası üçün məkana uyğun rəng və memarlıq elementləri seçilib.

Təqdim olunan layihələrin hər birini ayrı-ayrılıqda münsiflər heyəti müxtəlif meyarlar üzrə dəyərləndirib. Layihə hazırlanarkən aparılan araşdırmalar, qəsəbələrin məişət həyatı və iqliminin analizi, tarixi kontekstlə əlaqə, orijinallıq, simvolizm, bütövlük, memarlıq cizgiləri, istinad planı, bədii-qrafik həll, vizual təqdimat və s. meyarlar üzrə aparılan dəyərləndirmədən sonra qaliblər müəyyən edilib.

Münsiflər heyətinin qərarı ilə hər qəsəbə üzrə seçilmiş 4 layihənin müəlliflərinə pul mukafatlarının verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 1-ci yerin sahibi 10 000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibi 5 000 manat və 2-ci dərəcəli diplom, 3-cü yerin 2 sahibi isə hər biri 2 500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaq. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.absheronsimasi.az saytında tanış olmaq mümkündür.

Paylaş

 Xəbəriniz olsun