Abşeronda reyd keçirildi, karantini pozanlar cərimələndi

  • Space TV
  • 9 Dekabr 2020 17:25

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər gündəlik olaraq davam etdirilir.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə tədbirlərdən biri də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində təşkil olunub. Şəhərin hər bir küçə və prospektində polislər Abşeron rayon sakinləri ilə izahedici profilaktik söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.

Reydlər zamanı şəhər ərazisində yerləşən iri supermarketlərdə, obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar, həmçinin maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən müəyyən edilərək cərimələniblər.

Bankomatların qarşısında yaranan sıxlıqda virusun yayılma ehtimalı artdığından polislər tərəfindən həmin məkanlar da nəzarətdə saxlanılıb. Həmin yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil edilir.

Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər barədə də cərimələr tətbiq edilib.

“Bir daha hər bir vətəndaşdan xahiş və tələb olunur ki, koronovirusla mübarizədə tətbiq edilən qaydalara əməl etsinlər”, – Mətbuat Xidmətindən bildirib.

Paylaş

 Xəbəriniz olsun