ABŞ-da COVID-19 gənclər arasında sürətlə yayılır

  • Space TV
  • 22 İyun 2020 12:15

ABŞ rəsmiləri ölkənin xüsusilə cənub ştatlarında koronavirusa yoluxan gənclərin sayının artdığını açıqlayıblar.

“Anadolu” agentliyi xəbər verir ki, normallaşma dövrünə ilk daxil olan Florida, Cənubi Karolina, Corciya və Texas da daxil olmaqla, bir çox ştatlarda koronavirusa yoluxanların sayının yenidən yüksəldiyi bildirilir.

Sosial məsafəyə riayət etmək və maska ​​taxmaq tələbinə məhəl qoymayan gənclərin bu bölgələrdə müşahidə olunan artımda böyük rol oynadığı qeyd edilir.

Dövlət məmurları və səhiyyə mütəxəssisləri COVID-19-un xüsusilə çox sayda insanın olduğu şənliklərdə iştirak edən və ya vaxtını barlarda keçirən gənclərdə tapıldığını vurğulayırlar.

Texas qubernatoru Qreq Abbott mətbuat konfransında bildirib ki, mart və aprel ayının əvvəllərindəki vəziyyətlə müqayisədə, böyük fərq müşahidə olunur və indi 30 yaşına çatmamış gənclər ştatın bəzi bölgələrində aşkar edilən yoluxma hallarının əksəriyyətini təşkil edir.

Florida qubernatoru Ron DeSantis ştatda 20-30 yaş arasında gənc əhalidə yoluxma hallarının yaşlılarla müqayisədə, əhəmiyyətli dərəcədə artdığını bildirib.

Onun sözlərinə görə, COVID-19 testi müsbət çıxan gənclərin əksəriyyətinin heç bir simptomu yoxdur.

Paylaş

 Xəbəriniz olsun