“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət bu gün paytaxt sakinlərinin istifadəsinə verilib. Həyət Yasamal rayonu,Yeni Yasamal qəsəbəsi , 2 ci yaşayış massivində 1400 nəfər sakinin yaşadığı iki 10 bloklu binanı əhatə edir.
Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların da rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri məqsədi ilə ərazidə mini futbol və basketbol meydançaları, şahmat meydançası, müxtəlif yaş qrupları üçün nəzərdə tutulmuş idman qurğuları, uşaqlar üçün oyun meydançası və oturacaqlar quraşdırılıb.
Eyni zamanda, ərazidə 100 metr uzunluğunda velosiped yolu, 4 ədəd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və 160 kv.m ərazidə yaşıllıq zolağı salınıb. Bina sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.
Məlumat üçün bildirək ki, bu gün sakinlərin istifadəsinə verilmiş abad həyət “İDEA İctimai Birliyinin” təşəbbüsü ilə abadlaşdırılmış 31-ci həyətdir.
Rəşad Vəkiloğlu Space